AOC-NİN 5 İLLİK KONFRANSI KEÇİRİLDİ

012007-ci il mart ayının 26-da "Abşeron" otelində Azərbaycan Ornitoloji Cəmiyyətinin 5 illik konfransı keçirildi. Konfransda 60-a yaxın insan var idi.

Burada AOC-nin tələbə üzvləri və həmçinin Azərbaycanın bölgələrindən olan üzvləri, KİV nümayəndələri, xarici qonaqlardan NABU(Almaniya)nun Azərbaycandakı nümayəndəsi Anke Qaude, "Ata Holdinq" turizm şirkətinin nümayəndəsi Fatoş Özalpay iştirak edirdi.

02Keçirilən konfransın əsas məqsədi Sədrin, Elmi katibin, İdarə heyətinin, Təftiş Komissiyasının hesabatı və seçkiləri, Proqram və Elmi Şura haqqında əsasnamənin təsdiqi idi.

Konfransa sədrlik edən Elçin Sultanov konfransı açıq elan etdikdən sonra təbrik üçün sözü NABU-nun nümayəndəsi Anke Qaudeyə verdi.

Xanım A.Qaude konfransın iştirakçılarını təbrik edərək, əməkdaşlıq və cəmiyyətin inkişaf etdirilməsi haqqında danışaraq cəmiyyətin fəaliyyətində ona uğurlar arzuladı.

AOC-nin hesabatını təqdim edən E.Sultanov cəmiyyətin yaranması, strukturu və keçdiyi yol, 03elmi-tədqiqat, nəşr, təbliğat, üzvlük fəaliyyəti, öyrənilən növlər haqqında, quşların mühafizəsində MOƏ-rin əhəmiyyəti, o cümlədənAOC-nin həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi.

AOC-nin əməkdaşı Aytəkin Cabbarova Təftiş Komissiyasının hesabatını təqdim edərək, cəmiyyətin öz nizamnaməsi əsasında fəaliyyət göstərdiyini vurğulamaqla yanaşı AOC-nin nəzərdə tutulan maliyyə, elmi, üzvlük, nəşr, təbliğat sahəsindəki vəzifələrini nizamnamənin qaydaları çərçivəsində uğurla yerinə yetirdiyini və AOC-nin hesabat dövründəki fəaliyyətini Təftiş Komissiyasının qənaətbəxş qiymətləndirdiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

04Elmi Şura və onun fəaliyyəti barədə elmi katib Tahir Kərimov hesabat verdi. O, Elmi Şuranın əsasnaməyə əsasən təşkil edildiyini və fəaliyyət göstərdiyini qeyd etdi. Şuranın məqsədi, tərkibi və fəaliyyət istiqamətləri, bu sahədə gördüyü və nəzərdə tutulan işlər barədə, o cümlədən AOC-nin protokol fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat verdi.

Sonra isə AOC-nin əməkdaşlarının çıxışları dinlənildi:

Türkan Abbasova AOC-nin proqramı və üzvlük fəaliyyəti haqqında konfransa hesabat verdi. O, qeyd etdi ki, cəmiyyətin üzvləri artmaqdadır. Ötən hesabat dövründə AOC-nin 40 üzvü olduğu halda hazırda 300-dən artıq üzvə malikdir.Aynur Quliyeva cəmiyyətin nəşr fəaliyyəti haqqında danışdı.Şahin İsayev MOƏ Proqramı və MOƏ nəzarətçilərinin işi barədə hesabatla çıxış etdi.

Çıxışlar dinlənildikdən və müzakirələr aparıldıqdan sonra Sədrin, Elmi katibin, İdarə Heyətinin, Təftiş Komissiyasının seçkiləri keçirildi, Proqram və Elmi Şura haqqında əsasnamə təsdiq olundu.05

Konfransın sonunda AOC-nin əməkdaşları Mehrab Quliyev, Fərid Ağabalayev və Sevinc Saruxanova AOC-nin keçirdiyi tədbirlər haqqında ətraflı danışaraq, iştirakçısı olduqları layihələr, treyninqlər, seminarlar, çöl praktikaları və AOC-nin sıralarında nail olduqları uğurlar barədə konfrans iştirakçılarına məlumat verdilər və öz elmi-praktiki səviyyələrini artırmaq üçün digər gəncləri də cəmiyyətin keçirdiyi tədbirlərə dəvət etdilər.

Yekunda konfransın sədri bütün iştirakçılara, cəmiyyətin üzvlərinə, qonaqlara və konfransın müvəffəqiyyətlə keçirilməsində əməyi olan hər bir şəxsi əməkdaşlığa, iş birliyinə dəvət etdi.